Metyu effekti nəzəriyyəsi
Varlının daha varlı, kasıbın daha kasıb olduğu vəziyyət.
www.readit.az sizi məhşur nəzəriyyələrlə tanış etməyə davam edir. Bu dəfəki mövzumuz “Metyu Effekti”dir(Matthew effect).
Bu nəzəriyyəyə görə, iqtisadi və ya ictimai kapital gücünə sahib olanlar həmin mənbələr vasitəsilə daha çox güc və ya sərmayə qazana bilər. Termin sosioloq Robert K. Merton tərəfindən 1968-ci ildə irəli sürülüb (Psixologiyada isə Keit Stanoviç tərəfindən). Bu effektin adı İncildəki Metyu surəsindən götürülüb. Surə belədir: «... sahib olanlara daha çox veriləcək və onlar bərəkət sahibi olacaqlar; amma heç bir şeyi olmayanların isə sahib olduqları belə əllərindən alınacaq ... » (Matthew 25:29)
Bu effektə uyğun olaraq, bir insanın sahib olduğu üstünlüklər və ya çatışmazlıqlar ona yeni üstünlük/çatışmazlıq gətirir.
Metyu Effekti biznesdə
Yuxarıda da qeyd etdiyimiz kimi bu effektə görə, yüksək kapitala sahib olan şəxslər onun vasitəsilə yeni investisiyalar edərək, daha çox gəlir əldə edə bilər. Əlbəttə, bu aktiv investisiyalar vasitəsilə mümkündür. Həmçinin, daha az gəlirə sahib olanlar həmin gəliri belə itirmək təhlükəsi ilə üzləşirlər. Bəs bunun səbəbi nədir? Bu effekt müəyyən qədər risk və özünə inamla əlaqədardır. Yüksək gəlirə malik olan şəxslər daha çox aktivlərə investisiya qoyduğu halda, daha aşağı gəlirə malik olan şəxslər əksər hallarda passiv investisiya qoyuluşları həyata keçirirlər.
Metyu Effekti təhsildə
“Metyu effekti” məhşur psixoloq Keit Stanoviç tərəfindən 1986- cı ildə təhsil sisteminə uyğunlaşdırılıb. Belə ki, aparılan təcrübələrə əsasən, təhsil sistemində də “varlıların daha varlı, kasıbların daha kasıb olması” halı özünü göstərir (əlbəttə təhsil anlamında). Uşaqlar arasında aparılan təcrübələr göstərir ki, kiçik yaşlarından yazma və oxumanı daha tez və asan öyrənən uşaqlar gələcəkdə məktəbdə də daha həvəsli və çalışqan olurlar. Buna uyğun olaraq erkən yaşlarında oxumaq və yazma ilə bağlı problem yaşayan uşaqlar dərslərinə çox həvəssiz yanaşır və öyrənmədə çətinlik yaşayırlar.
Oxumağı çətinliklə öyrənən şagirdlərlə bağlı bir neçə dəlil mövcuddur. Psixoloq bu dəlillərə əsaslanaraq göstərir ki, erkən yaşlarda bununla bağlı problem yaşayan uşaqlar həmçinin təfəkkürün digər tərəflərini də inkişaf etdirməkdə çətinlik çəkirlər. Təcrübə aparılan uşaqların İQ balları bu dəlillərdən biridir.
Bundan başqa, Alliqton tərəfindən aparılan bir tədqiqatın nəticələri göstərir ki, mənfi mənada “Metyu effekti”nə məruz qalan 1-ci sinif uşaqları həftədə 16 söz öyrəndiyi halda, müsbət mənada təsirlənən uşaqlarda bu rəqəm 1933-ə qədər qalxa bilir.
Psixoloq bunun qarşısını almaq üçün problemin vaxtında aşkarlanmalı və istiqamətin düzgün verilməli olduğunu qeyd edir. Stanoviç 1986-ci ildə yazdığı məhşur məqaləsində həmçinin qeyd edir ki: “Bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülmədikdə uşaqlar arasındakı uçurum böyüyür və bu onların gələcək həyatına güclü təsir edir”.
Massaru İbuka da özünün məhşur “Üç yaş artıq gecdir” kitabında uşağın erkən inkişafının vacibliyindən bəhs edir. Müəllif qeyd edir ki, uşaqlar sonradan həyatlarının formalaşmasına təsir edən bir çox xüsusiyyətləri və qabiliyyətləri həyatlarının ilk üç ilində mənimsəyirlər. Buna görə də, onlarla məşğul olarkən düzgün tərbiyə üsulları seçilməlidir.
Yeri gəlmişkən Masaru İbukanın “3 yaş artıq gecdir” kitabının qısa məzmununu azərbaycan dili də daxil olmaqla 4 dildə www.readit.az saytından oxuya bilərsiniz. Kitab xüsusən valideyn olmağa hazırlaşan və yenicə valideyn olmuş insanlar üçün maraqlı olacaq. Cəmi 1 manata bu məşhur kitabdan yararlanmağı unutmayın.