Sizə uğur qazandıracaq 10 kitab

Sizə uğur qazandıracaq  10 kitab

Bu gün internet şəbəkəsində bütün dövrlərin biznes kitablarını əhatə edən ən yaxşı TOP onluqlarının reytinqinə tez-tez rast gələ bilərik. Bu reytinqləri araşdırarkən biz - READIT komandası bəzi uyğunsuzluqlarla rastlaşdıq. Belə ki, hər kəs öz şəxsi kriteriyalarından çıxış edərək bu kitabları qiymətləndirir və bu reytinqlər bir-birlərindən fərqlənirlər. Hər bir reytinq – kiminsə subyektiv fikridir və təbii ki, onunla razılaşmayan da tapılacaq. Buna görə də biz sizə uğur qazandıracaq və bir çox reytinqlərdə təkrarlan,ən çox oxunan kitabları seçərək öz kitabxanamızı yaratdıq. Bu reytinqlərdən bütün dövrlərin ən yaxşı biznes kitablarının TOP 10-luğunu tərtib edib onları bir neçə kateqoriyaya ayıraraq sizə təqdim edirik. Reytinqi tərtib edərkən həm də mövzuların aktuallığını nəzərə almışıq. Nəzərinizə çatdırırıq ki, sıralanma şərtidir, rəqəmlərin kitabın məşhurluğu və ya vacibliyi ilə heç bir əlaqəsi yoxdur. 

 

 

TOP 10

 

Şəxsi səmərəlilik və özünü inkişaf

 

1. Deyl Kornegi

«Dost qazanmaq və insanlara təsir göstərməyin yolları» (How to Win Friends & Influence People)

Hər bir savadlı şəxs üçün bu kitabı oxumaq mütləqdir. Bir çox tənqidçilər kitabda təsvir olunanları manipulyasiya adlandırır. Lakin bu belə deyil. Siz manipulyasiya etmirsiniz, əksinə ürəkdən gələn səmimi münasibət qurursunuz. Bu kitab psixologiyanın klassikasıdır, çünki hər kəs dost qazanmaq, ətrafındakıların rəğbətini və diqqətini cəlb etmək, onlara təsir göstərməyi bacarmaq istəyir. Bütün bunlara nail olmağın yolları barədə kitabda ətraflı söhbət açılır. «Dost qazanmaq və insanlara təsir göstərməyin yolları» kitabını oxuduqdan sonra siz, gündəlik ünsiyyətdə psixologiyadan istifadə etməyin yolları barədə öyrənəcəksiniz.

Kitabdan məşhur parça: “Dr. Conson belə deyirdi “Hətta Allah insanları ömürlərinin sonuna qədər mühakimə etmir. Bəs siz nə üçün kimisə mühakimə etmək hüququnuz olduğunu düşünürsünüz?””

 

2. Stiven Kovi

«Yüksək effektli insanların 7 vərdişi» (The 7 habits of highly effective people)

2011-ci ilin avqust ayında «The Times» jurnalı, «Yüksək effektli insanların 7 vərdişi» kitabını, dünyanın ən nüfuzlu 25 biznes kitablarından biri adlandırıb.

«Yüksək effektli insanların 7 vərdişi» kitabı insan effektliyinin əsas prinsiplərini əhatə edir və aşağıda qeyd olunan 7 vərdişdən ibarətdir:

- Fəal olun.

- Başlayarkən son məqsədinizi düşünün.

- ilk görülməli işi lap başda görün.

- “Qalib” kimi düşünün

- Əvvəl dinləyin, sonra sizi dinləməyə dəvət edin.

- Sinergiyaya nail olun (yaradıcı, qarşılıqlı və faydalı əlaqəyə nail olmağa çalışın )

- Mişarı itiləyin (daim təkmilləşin)

 

Biznes və Səmərəlilik

 

3. Ceyson Frayd, Devid Haynemayer Xensson

Rework. Stereotipləri sındıran biznes” (ReWork)

Rework – biznes kitabları dünyasında sensasiya yaratmış bir kitabdır. Kitab, bizə məlum olan bütün stereotipləri dağıdır. Müəlliflər kitabda şirkət yaradılmasında öz şəxsi təcrübələri ilə paylaşır, həqiqətən də dəyərli və tanınan bir şey yaratmaq üçün milyonlarla pul və yüzlərlə əməkdaşın olmasının vacib olmadığını bildirirlər. Onların məsləhətləri düşünməyə, adi məsələlərə, köhnəlmiş nəzəriyyə və düşüncələrə yeni gözlə baxmağa vadar edir.  

Kitabdan məşhur parça: “Əgər siz gələcəkdən xəbər verən sehrbaz deyilsinizsə, uzunmüddətli biznes planlarınız, sizin üçün fantaziyadan başqa bir şey olmayacaq. Planlar sizin təxminlərdən başqa bir şey deyildir. Müvafiq olaraq biznes plan yalnız biznes fərziyyəsi, maliyyə planı isə yalnız və yalnız maliyyə fərziyyəsi olacaq”.

 

4. Riçard Brenson.

“Hər şey cəhənnəmə! Hərəkətə keç və et!” (Screw It, Let's Do It. Expanded)

Kitab, demək olar ki, bütünlüklə müəllifin şəxsi biznesinin yaradılmasına və idarə olunmasının özəlliklərinə həsr olunub. Riçard Brenson –unikal Virgin brendinin yaradıcısı və bənzərsiz şəxsiyyətdir. O, daima hərəkətdədir və bir yerdə sakit oturmur. Brensonun şüarı – həyatdan maksimum əldə et. Bu, istədiyini etməkdən qorxmamaq deməkdir. Bununla yanaşı kifayət qədər bilik, təcrübə və təhsilin olub-olmaması vacib deyil. Əgər çiyniniz üstündə başınız və ürəyinizdə kifayət qədər coşqunuz varsa, isənilən məqsədə çata bilərsiniz. Kitab, ilham axtaran, həyat enerjisindən, cəsarət və optimizmdən yararlanmaq istəyən hər kəs üçün faydalıdır.

Kitabdan məşhur parça: “Hələ ki, bütün çarxlar ixtira olunmayıb. Həyat, boş dayanmamaq üçün həddindən artıq heyrətamizdir!”

 

Biznesin strategiyası və idarəetmə

 

5. Sun Tzı

“Müharibə sənəti” (The art of War).

Bəşəriyyətə məlum Müharibə sənətinə və fəlsəfəsinə həsr olunan kitablardan ən qədimi olan bu qədim kitab, hələ 2000 il əvvəl çin əsgəri, strateqi və filosofu Sun Tzı tərəfindən yazılıb və özünə görə strategiyanın İncili hesab olunur.  O, qısa və yığcam şəkildə müharibəyə hazırlıq və müharibə aparmağın əsas prinsiplərini təsvir edir. Bundan əlavə kitabda ilk dəfə - düşmənə qarşı ən təsirli qarşıdurmanı analiz edərkən – xaosdan konstruktiv istifadə qaydası təsvir olunmuşdu (qeyd ədək ki, riyaziyyatçı alimlər – Puankare, A.N. Kolmoqorov, Arnold, Mozes - xaos nəzəriyyəsini yalnız XX əsrdə kəşf etmişdilər). 

Kitabdan məşhur parça: “Döyüşmək və qalib gəlmək - hökmdarın öz dövləti üçün edə bildiyi ən yaxşı şey deyil. Daha yaxşısı - döyüşmədən qalib gəlməkdir”.

 

6. U. Çan Kim və Rene Moborn

“Mavi okean strategiyası”  (The blue ocean strategy)

Hamımız bilirik ki, rəqabət sağlam biznesin simvoludur. Lakin rəqabət ilbəil daha gərgin olur, istehlakçının simpatiyasını (və onun pul qabını) qazanmaq uğrunda aparılan mübarizə isə get-gedə daha da qəddarlaşır. Kitab iki dəfə onilliyin ən yaxşı on biznes kitabı siyahısına daxil olub, 2005-ci ildə keçirilən Frankfurt kitab sərgisində ən yaxşı kitab seçilib, dəfələrlə nüfuzlu biznes nəşriyyatlarından çox saylı fərqli mükafatalıb. Bu kitab, yeni imkanlar axtaran şəxslər üçün nəzərdə tutulub.

Kitabdan məşhur parça: “Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu – onlarla mübarizəni dayandırmaqdır.”

 

Maliyyə və şəxsi səmərəlilik

 

7. Robert T. Kiyosaki

“Zəngin ata, yoxsul ata” (Rich Dad, Poor Dad)

Biznesə aid və Robert Kiyosakinin ən məşhur kitablarından biridir. Bir faktı qeyd etməyə dəyər ki, o, bütün kitab reytinqlərinə daxildir. Kiyosakinin fikrinə görə, bütün insanlar “sahibkarlara”  və “icraçılara” bölünürlər. Biri, digəri olmadan mövcud ola bilməz, əks halda bütün sistem çökər. Kitabda müəllif sadə və anlaşılan dillə zəngin və maliyyə cəhətdən savadlı olmağın sirlərindən söhbət açır.

Əminik ki, hətta bizneslə xüsusi maraqlanmayan və biznes ədəbiyyatını oxumayan şəxslər belə ömürlərində bir dəfə də olsun “Zəngin ata, yoxsul ata” barəsində eşidiblər. “Zəngin ata, yoxsul ata” kitabının qısaldılmış xülasəsini www.readit.az saytında oxuya bilərsiniz.

Kitabdan məşhur parça: “Tənbəllik və təkəbbür hətta yaxşı malliyə biliklərinə malik şəxsi belə yoxsulluğa gətirib çıxara bilər.”; “İflasa uğramaq və yoxsul olmaq arasında fərq var. İflas olmaq – müvəqqəti haldır, yoxsulluq isə - daimi”.

 

8. Kleyson Corc

“Babildə ən zəngin adam” (The Richest Man in Babylon)

Bu kitab məhz hər birimizin şəxsi uğur aspektlərini araşdırır.  Cılız pul qabından azad olmaq üçün kitabda təsvir olunan təriflər maliyyə qanunlarını anlamaq üçün əsas ola bilər. Kitabın müəllifi əmindir ki, bütün arzu və istəklərinizə nail olmaq üçün ilk növbədə pul məsələlərində uğur əldə etməlisiniz. Şəxsi maliyyənizin idarəetmə prinsipləri ilə kitabın səhifələrindən tanış ola bilərsiniz. 

Kitabdan məşhur parça: “Mənasız borclar – asan düşəcəyiniz, lakin çətinliklə qurtulacağınız çuxurdur. ”

 

Marketinq

 

9. Karl Syuell və Pol Braun

“Əbədi müştərilər” (Customers for life)

Kitab, müştərilərlə iş üzrə (eləcə də müəssisənin təşkil olunması, marketinq və merçendayzinq üzrə) praktik təlimatlar toplusundan ibarətdir.  Syuel daimi müştərilərə önəm verməyi məsləhət görür, belə ki, birdəfəlik satışlar biznesi qeyri-sabit edir. O, inandırıcı şəkildə sübut edir ki, müştərini əldə saxlamaq üçün, yalnız xidmət səviyyənizi yüksəltmək kifayət deyil; işin təşkili, əməyin ödənilməsi, otaqların təmizliyi, landşaft dizaynı və digər xırda amillərə diqqət yetirmək mütləqdir. “Əbədi müştərilər” kitabının xülasəsini www.readit.az saytında oxuya bilərsiniz və kitabda təsvir olunanları artıq təcrübədə sınaqdan keçirə bilərsiniz. 

Kitabdan məşhur parça: “Çox edib, az söz verin. Müştərilər sizin öz vədinizi əməl edəcəyinizi gözləyirlər. Onların gözləntilərini üstələyin

 

10. Endi Sernovits

"Sarafan marketinqi" (Word of Mouth Marketing)

İnsanlar məhsullardan və xidmətlərdən həmişə danışırlar: saç boyasından, avtomobillərdən, kompüterlərdən, tele verilişlərdən, təmizlik vasitələrindən... Onlar ya tənqid edirlər, ya da dostlarına, qonşularına məsləhət görürlər. Və yaxud internet səhifəsində sizi tərifləyərək rəy yaza bilərlər, bunu isə milyonlarla oxucu görüb sonradan sizin müştərinizə çevrilə bilərlər. Sizin də istədiyiniz elə  bu deyilmi? O zaman “Sarafan marketinqi” kitabının ən azından qısa xülasəsi ilə www.readit.az saytında tanış olun.     

Kitabdan məşhur parça: “Bizim dövrdə pis məhsulu çox asanlıqla ifşa etmək olar; uğur gətirəcək yeganə yol – dəyərli məhsul yaratmaqdır”.

 

Təklif olunan kitablar əbəs yerə dünyanin nüfuzlu və populyar kitabları reytinqinə daxil deyillər. Odur ki, vaxt itirməyin, oxuyun, inkişaf edin. Və uğur özünü çox gözlətməyəcək.  

 


Bütün xəbərlər