Zeyqarnik effekti

Zeyqarnik effekti

 

 

Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.

 

Kəşfi və tarixi

Zeyqarnik effekti ofisiantlardan təsirlənərək kəşf edilmişdir. 1920-ci illərin ortalarında psixoloqlardan ibarət bir qrup Berlin Universitetinin nəzdindəki restorana gedir. Qrupun sifarişlərini qəbul edən ofisiantın sifarişləri heç bir yerə qeyd etməməsi psixoloqlardan birinin (Zeyqarnikin) diqqətini çəkir. Onlar yeməklərini yeyib restorandan ayrıldıqdan sonra həmin psixoloq geri qayıdır və ofisinatdan bu qədər sifarişi necə yadında saxladığını soruşur. Ancaq ofisiant artıq sifarişlərin heç birini xatırlamırdı. O, yalnız həmişə olduğu kimi sifarişləri yaddaşına yazıb, yeməkləri sifarişçilərə çatdırdıqdan sonra məlumatları avtomatik olaraq “silmişdi”.

 

Bu hadisədən sonra Zeyqarnik məsələ ilə bağlı bir nəzəriyyə formalaşdırmağa başlayır. Laboratoriya mühitində belə bir təcrübə təşkil edir. Təcrübədə iştirak edən şəxslərə iyirmi ədəd sadə tapşırıq verilir: tapmacaları tapmaq, ipə muncuq düzmək və s. Ancaq bəzən onların fikirlərini yayındıraraq gördükləri işə mane olurdu. Daha sonra təcrübədə iştirak edənlərə hansı tapşırığın daha çox yaddaşlarında qaldığı sualı verilir. Onların əksəriyyəti, tamamladıqları işlərdən çox, yarımçıq qalan işlərini xatırlayırdılar.

 

Təxminən 60 il sonra Kennet Makkrau və həmkarları Zeyqarnik effektini başqa bir üsulla yoxlamağa çalışdı. Bu təcrübədə iştirakçılara kifayət qədər çətin bir pazl verildi; Onlardan heç biri pazlı tam olaraq bitirməmiş təcrübənin sona çatdığı bildirildi. Buna baxmayaraq, iştirakçıların 90%-i pazlı tamamlamağa davam etdilər.

 

Biznesdə Zeyqarnik effekti

Bu effekt biznesdə, xüsusilə satış taktikalarında tez-tez istifadə edilir. İnsan resursları şöbəsi əməkdaşların motivasiyasını və işə münasibətini təmin etmək üçün bu kimi üsulları tez-tez istifadə edir. Əlbəttə, burada məqsəd sadəcə işçinin öz işini yerinə yetirməsi, ya da Zeyqarniki təsirləndirən ofisiant kimi onu bitirməsi deyil. İnsan resursları şöbəsi peşəkar biznes fəaliyyəti zamanı həm işlərin vaxtında yerinə yetirilməsini, həm də əməkdaşların bu fəaliyyətdən zövq almasını qarşısına məqsəd qoyur. Məsələn, bəzi hallarda idarəçilər bitirməli olduğu bir işi olan əməkdaşa başqa bir iş verirlər, yəni Zeyqarnik effektindən istifadə edirlər. Beləliklə, əməkdaşlar vaxtı düzgün istifadə edə və uğur qazana bilərlər.

 

Gündəlik həyatımızda Zeyqarnik effekti

Zeyqarnik effekti bir çox sahədə istifadə edilir. Məsələn, TV-də. Tamaşaçının diqqətini həmin kanalda saxlamaq üçün televiziya işçilərinin istifadə etdiyi ən təsirli üsullardan biri həftəlik seriallardır. Serialın son səhnəsi təəccüblü, yarımçıq, qeyri-müəyyən formada bitir. Sonra isə bu yazını görürük: Davam Edəcək ..Nəticə etibarilə növbəti həftə serialın nəticəsini görmək üçün həmin kanalı açırsınız, çünki mövcud qeyri-müəyyənlik zehninizi məşğul edir. 

 

Məhşur yazıçı Çarlz Dikkens də bu texnikadan istifadə edirdi. Onun əsərlərinin bir çoxu sonradan bütövlükdə çap olunmasa da, əvvəlcədən müəyyən hissələri çap edilmişdi. Məsələn, Oliver Tvist. Həmçinin bu effektdən müxtəlif reklam kampaniyalarında da istifadə edirlər.

 

Bu effektin bizim üçün faydası nədir?

Bütün bu nümunələrin bir ümumi tərəfi var: insan bir işə başladıqdan sonra onu yarımçıq qoymaqdan çox bitirməyə meylli olur. İnsan təbiətinə xas olan digər bir xüsusiyyət, yəni təxirə salma ucbatından haradan başlayacağımızı bilmirik. Zeyqarnik effektinin bizə öyrətdiyi əsas şeylərdən biri budur ki, təxirə salma prosesini məğlub etmək üçün istifadə edə biləcəyimiz ən təsirli üsul hər hansı bir yerdən başlamaqdır. Təbii ki, məhz ən çətin hissədən başlamağa məcbur deyilik. Əvvəlcə asan olandan başlayın, prosesin özü davam edəcək. Zehinimizdə özümüz də hiss etmədən hansısa bir qüvvə bizi həmin işi bitirməyə sövq edəcək. Ümumiyyətlə, biz adətən, ən çətin hissədən başlayır, sonra isə “bacarmadığımız”dan şikayətlənirik.

 

Bütün bunlara baxmayaraq, Zeyqarnik effekti bəzi istisna hallarda işə yaramır. Əgər bir işi görmək üçün kifayət qədər motivasiyanız yoxdursa, bu effekt işləmir. Çünki hansısa bir iş sizin üçün maraqsız, qeyri-mümkün və darıxdırıcı görünürsə, onu həll etmək üçün özünüzə əziyyət vermirsiniz. Ancaq həllinin mümkün olduğunu düşündüyünüz bir iş üçün kiçik bir addım belə böyük dəyişikliklər yaradır. 


Bütün xəbərlər