Dizaynerlər insanlar haqqında nələri bilməlidir?

Dizaynerlər insanlar haqqında nələri bilməlidir?

 

 

 

www.readit.az online kitabxanası ana dilimizə hələ də tərcümə olunmayan ən məşhur kitabların qısa məzmunları ilə oxucularını sevindirməkdə davam edir. Kitbaxanaya yeni əlavə olunmuş Bütün dizaynerlərin insanlar haqqında bilməli olduğu 100 məsələ kitabının qısa məzmunu dizaynerlər, marketoloqlar və kreativ işçilər üçün xüsusən maraqlı olacaq. Redaksiya bu kitab barəsində maraqlı məlumatları oxucaların nəzərinə çatdırır.

 

Susan Vaynşenkin “Bütün dizaynerlərin insanlar haqqında bilməli olduğu 100 məsələ” kitabında insanlarla ünsiyyət, əlaqə qurmağın, onları anlamağın və həmçinin, təsir etməyin müəyyən yolları göstərilir. Kitabda Deniel Pink, Stiv Kruq, Con Medina, Şina İenqar, Paul Fittz və bir çox digər yazıçı və tədqiqatçıların gələcək dizaynerlər üçün əhəmiyyətli olan fikirləri qeyd olunub (Bu fikirlər gələcək tədqiqatlar üçün giriş rolunu oynayır).

 

Müəllif “İnsanlar necə görür” və “İnsanlar necə oxuyur” adlı bölmələrdə hər bir dizayner üçün rahatlıqla istifadə edə biləcəkləri praktik tövsiyələr verir. Məsələn, daltoniklər üçün dizayn fərqliklərini, həmçinin görüntüləmənin keyfiyyətinin insanlara təsirini və s. nümunə göstərmək olar.

 

“İnsanlar necə görür” bölməsinin ən vacib dərslərindən biri mətnin ekranın hansı hissəsində yerləşməsi və bunun insanlara necə təsir etməsi ilə bağlıdır. Məsələn, əgər mətn ekranın mərkəzində və yaxud yuxarısında yerləşdirilibsə, onda diqqəti daha tez cəlb edəcək və vacib hesab ediləcək. Ancaq əksinə, əgər kənarlarda və aşağıda yerləşdirilibsə, diqqətdən yayınacaq.

 

“İnsanlar necə xatırlayır” bölməsində yaddaşın növlərini və işləmə mexanizmasını şərh edən müəllif dizaynerlərə avtomatik olaraq yaddaşa yazılacaq reklamların və məhsulların necə hazırlanması ilə bağlı məsləhətlər verir.

 

Müəllif kitabın digər fəsillərində insanların necə düşünməsi, diqqətlərini necə cəmləməsi, qərar qəbul etməsi və s. kimi məsələlərə də toxunur. Məsələn, əgər insan məhsulun dizaynında öz vərdişlərinə oxşar nəsə görərsə, ona olan münasibəti daha müsbət xarakter alar.

 

O, diqqət məsələsinə toxunaraq qeyd edir ki, davamlı diqqət on dəqiqə davam edir, ona görə də, vacib bir sözünüz varsa, ilk 10 dəqiqədə söyləyin. Həmçinin, müəyyən bir fasilədən sonra insanlar 7-10 dəqiqə müddətində yenidən diqqətlərini cəmləyə bilirlər. Təqdimat zamanı bu məsələni diqqətə almaq lazımdır.

 

İnsanları nəyisə almağa həvəsləndirərkən onların motivasiyalarına da diqqət yetirmək lazımdır. Belə ki, bir çox insan inkişaf və peşəkarlıq, digərləri isə müxtəlif mükafatlarla motivasiya olunurlar. Əsas məsələ, onlardan lazım olan yerdə düzgün formada istifadə etməkdir.

 

Susan Vaynşekin kitabda toxunduğu əsas məsələlərdən biri də insanların necə hiss etməsi ilə bağlıdır. O, emosiyaların gücünə xüsusi diqqət yetirir, yeddi əsas duyğunu qeyd edir (sevinc, kədər, alçaltma, qorxu, diksinmə, təəccüb və əsəb) və onlardan istifadə etməyin gətirdiyi uğurlardan danışır, nümunələr göstərir.

 

Ümumilikdə götürdükdə, hər insanın fərqli bölmələrindən ilhamlana biləcəyi bu kitab gündəlik həyatımızda bizə təsir edən, ancaq diqqətimizdən yayınan bir çox məsələni təhlil edir. 

 


Bütün xəbərlər